Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında 35 km məsafəyə idman yürüşün sonluğu maraqlı hadisə ilə yadda qalıb.
Arena.az xəbər verir ki, slovak atletlər – Dominik Çernı və Hana Burzalova məhəbbət duyğularını səmimi surətdə bölüşərək nişanlanıblar.
Hana Burzalova qadınların yarışında 28-ci olub. Yürüşün son cizgisinə doğru yürüyən Burzalova artıq kişilərin yarışında eyni məsafəni qət etmiş həmyerlisi Dominik Çernının bir dizi üstə diz çökdüyünü görüb. Çernı, son cizgini keçərək yürüşü tamamlamış Burzalovaya evlilik təklifi edib və sevdiyi xanımdan müsbət cavab alıb. Aşiq və məşuqə qol-boyun olaraq öpüşüblər.
Xatırladaq ki, Çernı kişilərin 35 km məsafəyə idman yürüşündə 19-cu yeri tutub. Bu növdə qızıl medalları isə ispan atletlər qazanıblar. Kişilərin yarışında Alvaro Martin 2:24.30 vaxt göstərici ilə qalib gələrək, milli rekordu müəyyənləşdirib. Qadınların yarışında isə Mariya Peres 2:38.40 vaxt göstərici ilə dünya çempionatının rekordunu 36 saniyə üstələyərək, çempionluğu bayram edib.
Vurğulayaq ki, Martin və Peres həm də 20 km məsafəyə idman yürüşündə qızıl medal qazanmışdılar. 35 km məsafədə də çempionluğu bayram etmiş atletlər yürüşdən sonra səmimi dostlar kimi duyğusalcasına qucaqlaşmışdılar.


