Dvorkoviç Karlsenin Bakıda zəhərlənməsindən danışdı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Maqnus Karlsenin Bakıda zəhərlənməsindən danışıb.

Arena.az TASS agentliyinə istinadən xəbər verir ki, Dvorkoviç 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsenin 2023-cü il şahmat üzrə Dünya Kubokunun final görüşü zamanı qidadan zəhərləndiyini açıqlayıb:

“Maqnus oteldə sifariş verdiyi yeməkdən zəhərləndiyini deyib. Doğrudan da, final görüşündə özünü pis hiss edirdi, bu, aydın idi. Amma o, öhdəsindən gəldi və gözəl qələbə qazandı. Maqnus ilk dəfə Dünya Kubokunu qazandığı üçün xoşbəxtdir. Mükafatlandırma mərasimində o, çox gülümsəyirdi, həvəslə avtoqraf paylayırdı, uşaqlarla şəkil çəkdirirdi. Ümumiyyətlə, bir neçə çətin an istisna olmaqla, o, bütün turniri inamla keçdi və layiqincə qalib gəldi”, deyə Arkadi Dvorkoviç bildirib.

Xatırladaq ki, Maqnus Karlsen paytaxtımızda keçirilən Dünya Kubokunun final görüşündə hind qrosmeyster Rameşbabu Praqnanandhanı tay-brekdə məğlub etməyi bacarıb. Buna qədər şahmatçılar arasında keçirilmiş hər iki klassik şahmat partiyası heç-heçə başa çatmışdı. Şahmat üzrə Dünya Kuboku Karlsenin karyerasında ilk müvafiq uğurudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: