Futbol üzrə Belçika millisinin və Madrid “Real”ının sabiq sol cinah vingeri Eden Hazard karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Hazard gedişinin səbəbini belə izah edib: “Qəlbinin səsini dinləməli və doğru qərar verməlisən. 16 il oynadım və 700-dən çox matç keçirdim. Artıq vida zamanıdır. Xəyalında olduğum meydanlarda, klublarda çıxış etdim, əyləndim, zövq aldım. Karyeram boyunca əla menecerlərlə, məşqçilərlə çalışdım, bir çox futbolçu ilə tanış olmaq imkanı qazandım. Bu imkanları qazandığım üçün hər kəsə minnətdaram, sizlər üçün darıxacağam”.
Xatırladaq ki, Hazard ötən mövsümün sonunda “kral klubu”nu tərk edəndən bəri işsiz idi. Azad agent statusunda olan futbolçuya MLS (ABŞ) və Səudiyyə Ərəbistanı klublarından sərfəli təkliflər olsa da, o, yaşıl meydanlara qayıtmaq istəməyib. Daha əvvəl mətbuatda yay transfer pəncərəsi zamanı belçikalı vingerin ən azı 6 komandadan imtina etdiyi barədə məlumat yayılmışdı.
Hazard karyerasının “Real” dönəmində “qaymaqlılar”ın heyətində 76 oyuna çıxıb, 7 qol vurub, 12 məhsuldar ötürmə verib. O, “Real”la 2 dəfə İspaniya çempionatını (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2021/2022), UEFA Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2023) qazanıb. Buna rəğmən, futbol mütəxəssisləri böyük karyera vəd edən istedadı müqabilində Hazardın futbol dünyasının gözləntilərini tam doğrultmadığı qənaətindədirlər.
Eden Hazard 2008-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 126 oyuna çıxıb, 33 qol vurub, 36 məhsuldar ötürmə verib.


