Edoardo Bove defibrillyator quraşdırılmasına razılıq verdi

Hazırda xəstəxanada müalicə alan 22 yaşlı italyan yarımmüdafiəçi Edoardo Bove defibrillyator quraşdırılmasına razılıq verib.

Arena.az bu barədə “La Repubblica” dərgisinə istinadən məlumat verir.

Müvafiq qurğu ürək dayanmasının qarşısını almağa kömək edəcək.

Cərrahi əməliyyatdan sonra futbolçunun sağlamlığı üçün təhlükə aradan qaldırılacaq. Bununla belə, defibrillyatorun implantasiyası, İtaliyanın idman təbabəti və kardiologiyası üzrə milli təlimatlarına əsasən, Bovenin rəqabətli idman fəaliyyətlərində iştirakına mane olacaq. Beləliklə, Bovenin futbolçu karyerası böyük sual altındadır.

Hazırda Bove reanimasiyadan kardiologiya şöbəsinə köçürülüb. Futbolçuya əqiq diaqnoz qoymaq üçün müayinələr dövrü davam edir.

Xatırladaq ki, İtaliya A Seriyasının 14-cü turunda “İnter”lə ev oyununun 16-cı dəqiqəsində Edoardo Bove huşunu itirərək, “Artemio Franki”nin ot örtüyü üzərinə sərilib və dərhal xəstəxanaya təxliyə edilib, oyun hesab 0:0 ikən təxirə salınıb.

Mərkəz yarımmüdafiəçisi Edoardo Bove “Roma”nın məzunudur və 2024-cü ilin avqustundan “Fiorentina”da icarə müaviləsi əsasında çıxış edir. “Bənövşələr” icarə haqqı olaraq “canavarlar”a 1,5 milyon avro məbləğində ödəniş ediblər. Bove 2024/2025-ci illər mövsümünün sonuna qədər “Fiorentina”nın uğurları üçün çalışacaq.

Cari mövsümdə Bove “Fiorentina” üçün bütün yarışlarda 14 oyuna çıxıb, 1 qol və 4 məhsudlar ötürmə ilə fərqlənib.

Edoardo Bove İtaliyanın U-16, U-18, U-20 və U-21 komandalarına cəlb edilib, “skuadra adzurra”nın əsas yığmasında isə hələ debüt etməyib.

Bove “Roma” ilə Avropa Konfrans Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.