“Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa “kral klubu” və “qaymaqlılar”ın düşərgəsindəki gələcəyi haqda danışıb.
Arena.az 21 yaşlı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Real” bütün dünya üçün xəyalların klubudur. Karyeramı burada, “Real”da bitirə bilərəmmi? Bəli, əminəm. “Real”ın formasını geyinmək fəxrdir. Nəinki karyeramı bu klubda bitirmək, hətta “Real”da ölmək istəyirəm”.
Fransalı futbolçu Kristiano Ronaldodan ilham aldığını açıqlayıb: “Real”da oynamaq hər kəsin arzusudur. İşdir, nə vaxtsa baş məşqçi mənə qapıçı mövqeyində oynamağı tapşırsa, dərhal razılaşaram. Məni bu klubda oynamış Kristiano Ronaldo kimi əfsanəvi futbolçular ilhamlandırır. Onların məşq prosesini təkrarlamağa çalışıram. Məqsədim “Real”da bütün titulları qazanmaqdır”.
Kamavinqa “qaymaqlılar”ın cari mövsümdə hədəflərindən də danışıb:
“Mövsümün məqsədi “Real”la hər şeyi qazanmaqdır: La Liqada liderliyi qorumaq, çempionatda və UEFA Çempionlar Liqasında yaxşı səmərə nümayiş etdirmək. Belə böyük klubda iştirak etdiyin hər yarışda qalib gəlməlisən”.
Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Eduardo “Real”ın heyətində 31 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Ümumilikdə Eduardo “Real”ın heyətində 130 oyuna 2 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
Fransalı yarımmüdafiəçi “Real”la İspaniya La Liqasının (2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 13 oyuna 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı Eduardo Kamavinqanı 90 milyon avro məbləğində qiymətləndirir.


