Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Elbrus Rzayev təyinatı barədə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Gənclərdən ibarət yığmaya təyinatım gözlənilməz oldu. Bu barədə məlumatım yox idi. Bir gün öncə Azərbaycan Boks Federasiyasının rəhbərliyi ilə görüş zamanı bundan xəbər tutdum. Əlbəttə, bu etimada görə çox sevindim. Məsuliyyətli bir işdir. Demək olar ki, 15 ildir Azərbaycan yığmalarında işləyirəm. Yeniyetmələr, gənclər, böyüklər və qadınlardan ibarət əsas komanda çalışmışam. Açığı, illərimi boksa verməyimə baxmayaraq, çox həyəcanlıyam. Çalışacağam ki, rəhbərliyin qarşıma qoyduğu hədəfləri həyata keçirib, tapşırıqlarını yerinə yetirim. Əsas məqsəd qatıldığımız istənilən yarışda uğurlu çıxış etmək, ölkəmizin adını yüksəklərə qaldırmaq və böyüklərdən ibarət komandaya layiqli boksçular yetişdirməkdir”.
Fevralda Boks Mərkəzində gənclər arasında keçirilən Azərbaycan birinciliyinin ən yaxşı məşqçisi seçilən Elbrus Rzayev bildirib ki, yarışı tam izlədiyindən komandanı formalaşdırmaq onun üçün çətin olmayacaq: “Həmin yarışda mənim yetirmələrim də iştirak edirdi. Bu səbəbdən birinciliyi diqqətlə izləmişəm. Tələbələrimdən ikisi çempion, ikisi gümüş medalçı oldu. Yarışda fərqlənənlərə gəlincə, perspektiv vəd edən boksçularımız var. Gənclərin Avropa çempionatında iştirak etmiş təcrübəli idmançılarımız da onların sırasındadır. Fikrimcə, seçim aparmaq və ən güclülərdən ibarət komanda formalaşdırmaq vaxt aparsa da, elə də çətin olmayacaq. Çalışacağam ki, hər bir çəki dərəcəsində rəqabət yaradım. Rəqabət olan yerdə inkişaf, uğur qaçılmazdır”.
“Məqsədimiz Avropa çempionatına ən hazırlıqlı boksçularla yollanmaqdır”
Elbrus Rzayev gələcək planları barədə də danışıb. Yeni baş məşqçinin sözlərinə görə, aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı formalaşdıracağı komanda üçün bir növ sınaq xarakteri daşıyacaq: “Komanda ilə tanışlıq üçün 2 günə bir araya gəlməyi planlaşdırırıq. Həmin gün yığma üzvlərinə məşq prosesləri barədə də məlumat verəcək, necə işləyəcəyimizi açıqlayacağıq. Bir sözlə, gələcəklə bağlı vacib olan addımları atmağı planlaşdırırıq. Avropa birinciliyi üçün təlim-məşq toplanışına fiziki hazırlıqla başlayacağıq. Sonradan texniki-taktiki məşqlərə keçəcəyik. Məqsədimiz Avropa çempionatına ən hazırlıqlı boksçularla yollanmaqdır. Bunun üçün hazırlığın gedişində sınaq döyüşləri də nəzərdə tutmuşam. Çalışacağıq ki, ilk cəhddə uğurlu çıxışla fərqlənək və vətənə medallarla qayıdaq. Belə olacağına da inanıram”.


