Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib. Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Əliyev istefası ilə bağlı qurumun mətbuat xidmətinə açıqlama da verib. Onun sözlərinə görə, son bir il ərzində triatlon idman növünün inkişafi üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görülüb:
“Bu müddət ərzində davamlı olaraq müxtəlif formatlı idman yarışları keçirilib, triatlonla məşğul olanların sayı dəfələrlə artıb, ölkədə triatlon klubları yaradılıb. Uşaqların bu idmana cəlb olunması istiqamətində davamlı iş aparılıb, ölkədə onlar üçün müxtəlif yarışlar təşkil olunub. Qeyd etməliyəm ki, mənim əsas fəaliyyətim innovasiyalarla baglıdır. Hazırda mənim rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir. Bununla yanaşı, il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb. Buna görə, vaxt azlığı ilə əlaqədar olaraq mənim federasiyanın işində əvvəlki həcmdə aktiv iştirak imkanım olmayacaq.
Əlavə olaraq, bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm: əsas tərəfdaş Gənclər və İdman Nazirliyi, Bakı Su İdmanı Sarayı, ASAN innovasiya mərkəzi, BCC, PMD, FİNOKO, AQVAVİTA, METAK, Alufar, Nərəkənd. Triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram. Öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm”.
Xatırladaq ki, Elçin Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi. Ona qədər Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov idi.


