Eldar Tağızadə “Barselona” ilə müqavilə bağladı

Azərbaycanın U-19 millisinin sabiq üzvü, 21 yaşlı qapıçı Eldar Tağızadə İspaniya nəhəngi “Barselona” ilə müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, son olaraq İspaniyanın “Luqo Polvorin” klubunda çıxış etmiş azərbaycanlı qolkiper “Barselona”ya azad agent kimi qoşulub.

Klubla Tağızadə arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Müqaviləyə əsasən, gənc qolkiper Kataloniya klubunun ikinci komandasının – “Barselona Atletik”in qapısını qoruyacaq.

Eldar Tağızadə “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə paytaxt klubundan ayrılaraq İspaniyanın “Marset” futbol akademiyasına keçib. 2021-ci ilin yanvarında Fransanın “Klermon” klubuna qoşulmuş futbolçu “Luqo Polvorin”ə 2023-cü ilin yayında keçmişdi.

Xatırladaq ki, Tağızadə vaxtilə Azərbaycanın U-19 yığmasında cəmi 2 oyun keçirib.

Sonda onu da vurğulayaq ki, Eldar, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin oğludur. Azərbaycanlı qolkiperin ciddi uğurları ilə diqqət çəkmədiyi halda birdən-birə “Barselona” kimi klubla müqavilə bağlamasında da atasının dostluq əlaqələrinin rolu böyükdür. Elə bu fotoda “Barselona” prezidenti Joan Laporta ilə birgə Elxan Tağızadə və Adnan Əhmədzadənin yanaşı yer alması təsadüfi deyil. Belə ki, vaxtilə SOCAR-da müxtəlif vəzifələrdə çalışmış Adnan Əhmədzadənin “Barselona” rəhbərliyi ilə çox yaxşı münasibətləri var. Onun Kataloniya klubunun sabiq ulduz Lionel Messi ilə dostluğu da çoxlarına məlumdur. Güman ki, Eldar Tağızadənin də “Barsa Atletik”ə keçidində məhz onun böyük xidmətləri var.

İstənilən halda, Eldar Tağızadəyə yeni klubunda uğurlar arzulayır, İspaniya nəhənginin heyətində parlamaqla Azərbaycan futboluna faydalı olmasını diləyirik.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: