Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadə bir neçə gün öncə müqavilə bağladığı “Barselona”nın ikinci komandasında debüt edib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçunun formasını geyindiyi “Barselona” B “Korneliya” ilə yoxlama görüşü keçirib.
Kataloniya təmsilçisi rəqibini 3:0 məğlub edib. Yığmamızın qolkiperi də bu matçda “Barsa”nın heyətində debüt edib. Matçın son 30 dəqiqəsində meydana çıxan Tağızadə qapısını toxunulmaz saxlaya bilib.
Oyunu “Barselona”nın baş məşqçisi Hansi Flik, eləcə də klubun idman direktoru Deku da izləyib.
Xatırladaq ki, Eldar Tağızadə avqustun 10-da İspaniya nəhəngi “Barselona” ilə müqavilə bağlayıb. Daha öncə İspaniyanın “Luqo Polvorin” klubunda çıxış etmiş azərbaycanlı qolkiper Kataloniya nəhənginə azad agent kimi qoşulub. Klubla Tağızadə arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir. Müqaviləyə əsasən, gənc qolkiper Kataloniya klubunun ikinci komandasının – “Barselona Atletik”in qapısını qoruyacaq.
Eldar Tağızadə “Neftçi”nin yetirməsidir. O, 2019-cu ildə paytaxt klubundan ayrılaraq İspaniyanın “Marset” futbol akademiyasına keçib. 2021-ci ilin yanvarında Fransanın “Klermon” klubuna qoşulmuş futbolçu “Luqo Polvorin”ə 2023-cü ilin yayında keçmişdi.
Xatırladaq ki, Tağızadə vaxtilə Azərbaycanın U-19 yığmasında cəmi 2 oyun keçirib.


