Eldor Şomurodov “Roma”dan getdi

Futbol üzrə Özbəkistan milli komandasının hücumçusu Eldor Şomurodov İtaliyanın “Roma” klubundan ayrılıb. Arena.az xəbər verir ki, paytaxt klubu 27 yaşlı forvardını A Seriyasının digər təmsilçisi “Spetsiya”ya icarəyə verib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Özbək hücumçu bu ilin 30 iyununa kimi “Spetsiya”da forma geyinəcək.

Eldor Şomurodov “Roma”ya 2021-ci ilin avqust ayında 18 milyon avro qarşılığında “Cenoa”dan transfer olunmuşdu. Özbəkistan yığmasının hücumçusu bu komandanın heyətində meydana çıxdığı 48 oyunda cəmi 6 qol vurub, bir o qədər də məhsuldar ötürmə müəllifi olub. Onun “Roma” ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Eldor “Roma” və “Cenoa”dan başqa “Rostov”, “Bunyodkor” və “Maşal Mubarek” klublarında da forma geyinib. O, 2015-ci ildən Özbəkistan yığmasının formasını geyinir. Hücumçu millinin heyətində meydana çıxdığı 59 matçda 32 qola imza atıb.

Yeri gəlmişkən, “Spetsiya” İslandiyadan olan hücumçusu Mikael Egill Ellertssonu da “Venetsiya”ya satıb. Klub 20 yaşlı forvardın satışından 850 min avro qazanıb. Halbuki, “Spetsiya” onu 2021-ci ilin avqust ayında SPAL-dan 1 milyon avroya transfer etmişdi. Ellertsson “Venetsiya” ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. O, “Spetsiya”da cəmi 13 matça çıxsa da, fərqlənə bilməyib. Daha öncə “Fram Reykyavik” və SPAL-da oynamış hücumçu, İslandiyanın əsas yığmasında da 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: