Elia Kaprile “Napoli”də – 7 milyonluq qapıçı icarəyə verildi

İtaliyanın U-21 yığmasının və “Bari”nin qapıçısı Elia Kaprile A Seriyasının ötən mövsümünün qalibi “Napoli”yə transfer olub.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

“Napoli” bu transferə görə “Bari”yə 7 milyon avro ödəyib. Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Amma neapollular onu qarşıdakı mövsümün sonuna kimi “Empoli”yə icarəyə veriblər.

Elia Kaprile “Kyevo”nun yetirməsidir. O, “Lids”, “Pro Patriya” kimi klublarda da forma geyinmiş gənc qolkiper ötən ilin yayından “Bari”də çıxış edirdi. İtalyan qapıçı ötən mövsüm bu komandada 43 oyuna 37 qol buraxıb, 16 “quru” matç keçirib.

“Napoli” gənc hücumçusu Cüzeppe Ambrozinonu da “Katanzaro”ya icarəyə verib. 19 yaşlı italyan forvard ötən mövsümü də “Komo”da icarədə keçirib. “Napoli”nin öz yetirməsi olsa da, əsas komandada forma şansı qazanmayan gənc hücumçu İtalyanın U-19 və U-20 yığmalarına dəvət alır.

“Napoli”dən Elia Kaprileni icarəyə götürmüş “Empoli” daha iki futbolçuyla güclənib. Sözügedən klub “Parma”nın sol cinah müdafiəçisi Cüzeppe Petsellanı və “Spetsiya”nın sol cinah vingeri Emmanuel Qyasini transfer edib. Petsella yeni klubu ilə azad agent kimi 3+1 illik müqaviləyə imza atıb. 2 milyon avro qarşılığında transfer olunan Qyasi isə 2+1 illik sözləşmə imzalayıb.

Cüzeppe Petsella 2019-cu ildən formasını geyindiyi “Parma”da 48 oyuna çıxıb, 1 qol və 4 assist edib. 25 yaşlı italyan futbolçu “Palermo”, “Atalanta”, “Udineze”, “Leççe” və “Cenoa” kimi klublarda da forma geyinib, ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Emmanuel Qyasi isə 2016-cı ildən “Spetsiya”da idi. Qanalı futbolçu bu komandada 185 oyuna 26 qol vurub, 18 assistlə yadda qalıb. O, daha öncə “Pistoyeze”, “Südtirol”, “Karrareze”, “Mantova” və “Piza”da da oynayıb.

Yeri gəlmişkən, “Empoli”nin mərkəz yarımmüdafiəçisi Filippo Bandinelli də “Spetsiya”ya keçib. Bu transfer 28 yaşlı italyanın yeni klubuna 2,5 milyon avroya başa gəlib. 2019-cu ildən “Empoli”də çıxış edən yarımmüdafiəçi bu komandada 126 oyuna 5 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. O, “Latina”, “Benevento”, “Peruca” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: