Elias Yelert 9 milyon avroya “Qalatasaray”da! – Tete satıldı

Futbol üzrə Danimarka millisinin və “Kopenhagen”in sağ cinah müdafiəçisi Elias Yelert bundan sonra “Qalatasaray”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul klubu bu keçid üçün “Kopenhagen”ə 9 milyon avro ödəyib. 21 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Danimarkalı futbolçu yeni klubunda ilinə 900 min avro qazanacaq.

Elias Yelert “Kopenhagen”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 97 oyun keçirib, 1 qol və 6 assistlə yadda qalıb. Danimarkanın U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi 2023-cü ilin oktyabrında əsas millidə debüt edib. O, Danimarka yığmasının heyətində 3 oyun keçirib.

“Qalatasaray” braziliyalı sağ vingeri Teteni də Yunanıstanın “Panatinaikos” klubuna satıb. İstanbul təmsilçisi bu satışdan 4,75 milyon avro gəlir götürüb. 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Tete “Qalatasaray”a 2023-cü ilin yayında 2,5 milyon avro qarşılığında Donetsk “Şaxtyor”undan keçmişdi. Braziliyalı vinger İstanbul klubunun heyətində 45 oyuna çıxıb, 3 qol və 6 assitlə yadda qalıb, Türkiyə çempionu olub. O, daha öncə “Şaxtyor”la yanaşı, “Olimpik” (Lion) və “Lester Siti”də də forma geyinib. Braziliyanın U-15, U-17, U-20 və U-23 yığmalarında oynamış Tete, əsas millidə debüt şansı qazanmayıb.

“Qalatasaray” danimarkalı mərkəz müdafiəçisi Matias Rossu da Çexiyanın “Sparta” (Praqa) klubuna icarəyə verib. Çexlər 23 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər.

Matias Ross “Qalatasaray”a 2022-ci ilin sentyabrında yetirməsi olduğu “Olborq” klubundan 1,75 milyon avro qarşılığında keçmişdi. Amma bu komandada cəmi 2 oyuna çıxan və 1 qolla yadda qalan Ross, “Qalatasaray”da möhkəmlənə bilməyib. Bu üzdən də o, ötən mövsümü Niderlandın “NEK Neymegen” klubunda icarədə keçirib.

“Qalatasaray”ın dayaq yarımmüdafiəçisi Baran Aksaka da icarə əsasında Bolqarıstanın “Arda” klubuna keçib. 21 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi bu klubda icarədə olacaq.

Xatırladaq ki, “Arda”da Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov da forma geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: