Bilbao “Atletik”inin keçmiş prezidenti Aytor Elizeqi İspaniya çempionu “Barselona”nın öz dəyərlərinə xilaf çxıdığı qənaətindədir.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Elizeqi “Barselona”nın “Atletik”in 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Niko Uilyamsı hər vəchlə “blauqrana”nın düşərgəsinə qatmağa cəhd etməsini, futbolçunun isə “şirlər”ə sədaqətsizlik nümayiş etdirməsini dəyərsizlik hesab edir:
“Barsa” bir vaxtlar təcəssüm etdirdiyi dəyərlərindən çox uzaqdır. “Barselona” müstəsna olmaqdan daşınıb. O bizim hamımızın xatırladığı simadan kifayət qədər uzaqdır. Niko Uilyams klubumuza uşaq ikən gəlib, onu biz tərbiyələndirmişik. O, “Atletik”də olmaq istəmədiyini nümayiş etdirəndə isə bu, çox ağrılıdır”, deyə Elizeqi vurğulayıb.
Xatırladaq ki, hazırda “Barselona” Uilyams müqabilində “Atletik”ə 58-62 milyon avro məbləğ civarında təzminat haqqı ödəmək niyyətindədir. Amma Uilyamsın Kataloniya klubundan növbəti mövsüm üçün qeydiyyata salınmasına təminat istəməsi amili, keçidin gerçəkləşməsini əngəlləyir. Bütün hadisələr xoşagələməz məcrada davam edir və “Atletik”in “Barselona”dan İspaniya La Liqasına şikayət etməsi ilə nəticələnib. Məsələnin tezliklə öz həllini tapacağı bildirilir.


