Emil Audero “İnter”də, Filip Stankoviç yenidən icarədə

“Sampdoriya”nın italyan qapıçısı Emil Audero bundan sonra A Seriyası nəhəngi “İnter”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Milan klubu 26 yaşlı qolkiperi icarə əsasında heyətinə qatıb.

Audero qarşıdakı mövsümdə özünü yaxşı tərəfdən göstərə bilsə, “İnter”in onu birdəfəlik transfer etməsi də mümkündür.

Emil Audero “Yuventus”un yetirməsidir. O, Turin klubunda olarkən əvvəlcə “Venesiya”da, daha sonra “Sampdoriya”da icarədə oynayıb. Sonradan “Samdporiya” qapıçının transfer hüquqlarını da alıb. O, “Sampdoriya”da 169 oyun keçirib, 260 qol buraxıb, 38 matçdan “quru” çıxıb.

Yeri gəlmişkən, “İnter” özünün gənc qapıçısı Filip Stankoviçi də “Sampdoriya”ya icarəyə verib. 21 yaşlı serb qolkiper qarşıdakı mövsümün sonuna kimi Genuya klubunda icarədə olacaq.

“İnter” Stankoviçi 2021-ci ildən “Volendam”a icarəyə vermişdi. Serbiyanın U-21 yığmasının üzvü bu yay Niderland klubundan ayrılaraq Milan təmsilçisinin düşərgəsinə qayıtsa da, bu dəfə fərqli komandaya icarəyə göndərilib.

“İnter” daha üç futbolçusunu icarəyə verib. Bolqarıstandan olan hücumameyilli yarımmüdafiəçi Nikola İliyev ölkəsinə qayıdıb. 19 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi ÇSKA 1948 komandasında forma geyinəcək. “Botev”in yetirməsi “İnter”in əsas komandasında debüt şansı qazanmayıb.

Dayaq yarımmüdafiəçisi Nikolo Biral və hücumçu Dennis Kuratolo isə “Fermana”ya icarəyə veriliblər. Onlar da bu mövsümün sonuna kimi icarədə olacaqlar. 19 yaşlı futbolçular da hələ Milan təmsilçisinin əsas komandasında heç bir rəsmi oyuna çıxmayıblar. Əvəzində hər iki futbolçu İtaliyanın müvafiq yaş qruplarından ibarət yığmalarına dəvət alırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: