Emiliya Mitlinova dünya çempionu oldu

Azərbaycanın parakarateçisi Emiliya Mitlinova Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, dünya çempionatına bu gün yekun vurulub.

Yarışın son günündə mükafatlar uğrunda görüşlər keçirilib. Parakarateçimiz Emiliya Mitlinova final qarşılaşmasında çexiyalı həmkarı ilə üz-üzə gəlib. Fəndləri daha dəqiq yerinə yetirən millimizin üzvü fəxri kürsünün zirvəsinə qalxıb.

O, yarışdan sonra bu uğuru ilə bağlı fikirlərini bölüşüb: “Bu günə mən uzun illər idi hazırlaşırdım. İlk dünya çempionatım istədiyim kimi alınmamışdı, üçüncü yerə çıxmışdım. O vaxt qarşıma məqsəd qoyum ki, çempion olub, qızıl medal qazanacağam. Və budur istəyimə çatdım və qızıl medalı əldə etdim. Bundan sonra karate Olimpiya Oyunlarına salınsa, növbəti hədəfim paralimpiadanın qızıl medalı olacaq. Amma hələlik bu, mənim ən böyük uğurumdur”.

Qeyd edək ki, dünya çempionatının son günündə komanda yarışları da təşkil olunub. Millimiz bürünc medal uğrunda İtaliya kollektivi ilə üz-üzə gəlib. Apenninlilərə 1:3 hesabı ilə uduzan seçməmiz mükafatın bir addımlığında dayanıb.

Beləliklə, Azərbaycan millisi bu dünya çempionatını 2 qızıl medulla başa vurub. Bir gün əvvəl İrina Zaretska da qadınların yarışında 68 kq çəki dərəcəsində baş mükafata yiyələnmişdi. Mundiala qoşulan digər təmsilçilərimiz isə çempionatı əliboş tərk ediblər.