Futbol üzrə Toqo milli komandasının hücumçusu Emmanuel Adebayor peşəkar karyerasını başa vurduğunu elan edib. Arena.az xəbər verir ki, hazırda 39 yaşı olan forvard bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
O, vida paylaşımında bu sözləri qeyd edib: “Peşəkar bir idmançı olaraq möhtəşəm bir karyeraya sahib oldum. Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Hər şey üçün minnətdaram. Gələcək üçün həyəcanlıyam”.
Emmanuel Adebayor peşəkar futbolçu karyerasına Fransanın “Mets” klubunda başlayıb. Ardından “Monako”nun uğurları üçün çalışan futbolçu 2006-cı ildə London “Arsenal”ına üz tutub. O, məhz İngiltərə klubundakı çıxışı sayəsində daha çox tanınıb. 2009-cu ildə “Arsenal”ı Premyer Liqanın digər təmsilçisi “Mançester Siti”yə dəyişən hücumçu, bu klubda olarkən Madrid “Real”ı və “Tottenhem”də icarədə də oynayıb. 2012-ci ildə isə “Tottenhem” onun transfer hüquqlarını da alıb. 2015-ci ildə London klubundan ayrılandan sonra qısa müddət “Kristal Pelas”da oynayan təcrübəli futbolçu Türkiyəyə üz tutub. O, qardaş ölkədə “Başakşəhər” və “Kayserispor” klublarının uğurları üçün çalışıb. 2020-ci ildə qısa müddət Paraqvay “Olimpiya”sında forma geyinən Adebayorun sonuncu iş yeri ölkəsinin “Semassi” klubu olub. Emmanuelin yeganə uğuru Madrid “Real”ı ilə İspaniya kubokunun qalibi olmasıdır. 2003/04 mövsümündə isə o, “Monako” ilə UEFA Çempionlar Liqasının finalında oynasa da, gümüş medallarla kifayətlənib.
Adebayor Toqo yığmasında 66 oyun keçirib. O, bu görüşlərdə 29 qola imza atıb. Hücumçu 2007 (BBC-nin versiyasına görə) və 2008-ci illərdə Afrikada ilin ən yaxşı futbolçusu elan edilib.


