Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən və elitanı tərk edən “Ankaragücü” baş məşqçisi Emre Belozoğlu ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Ankara klubu açıqlama yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Emre Belözoğlu 2023-cü ilin oktyabr ayından Ankara təmsilçisinə rəhbərlik edirdi. “Ankaragücü” 43 yaşlı baş məşqçi ilə keçirdiyi 38 oyunda 12 qələbə qazanıb, 14 dəfə heç-heçə oynayıb, 12 dəfə uduzub. Türkiyə Super Liqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb. “Ankaragücü” 40 xalla 20 iştirakçı arasında 17-ci yeri tutub. Nəticədə bu komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.
Emre daha öncə “Fənərbaxça” və “Başakşəhər”də də baş məşqçi kimi çalışıb.
Yeri gəlmişkən, “Ankaragücü” qış transfer pəncərəsi dövründə “Qalatasaray”dan icarəyə götürdüyü Kazımcan Karataşla da vidalaşıb. 21 yaşlı sol cinah müdafiəçisi icarə müqaviləsinin bitməsi ilə paytaxt təmsilçisindən ayrılıb və məxsus olduğu İstanbul klubuna qayıdıb.
Qeyd edək ki, Kazımcan Karataş Ankara təmsilçisində keçirdiyi yarım mövsüm ərzində Super Liqa və Türkiyə Kuboku çərçivəsində ümumilikdə 12 matça çıxıb və 622 dəqiqə meydanda olub.
“Altay”ın yetirməsi olan Kazımcan 2022-ci ilin yayından “Qalatasaray”dadır. O, İstanbul nəhənginin əsas komandasında 24 oyun keçirib. Türkiyəli futbolçunun “Qalatasaray”la 2027-ci ilə qədər müqaviləsi var.



