Futbol üzrə Türkiyə Birinci Liqasında mübarizə aparan “Kocaelispor” klubunun prezidenti Engin Koyun istefa verib.
Arena.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Açıqlamada bunlar qeyd olunub: “İctimaiyyətə hörmətlə bildiririk ki, bu gün keçirilən idarə heyəti toplantısında idarə heyətinin sədri Engin Koyunun istefası qəbul edilənə və yeni prezident təyin olunana qədər Rəcəb Durulun müvəqqəti nümayəndə təyin edilməsinə qərar verilib. Klubumuza göstərdiyi səylərə görə hörmətli Engin Koyuna təşəkkür edir və yeni sədr səlahiyyətlərini icra edən Rəcəb Durula sonsuz uğurlar arzulayırıq”.
Xatırladaq ki, Engin Koyun 4 iyun 2023-cü ildə keçirilən prezident seçkilərində klub prezidenti seçilmişdi. Onun istefasının komandanın cari mövsümündə qeyri-sabit çıxışı ilə bağlı olduğu ehtimal edilir.
Xatırladaq ki, “Kocaelispor”da Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev də forma geyinir. O, Türkiyə təmsilçisinə bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olub. Ramilin Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Millimizin üzvü Kocaeli təmsilçisində 8 oyuna çıxsa da, hələlik, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
“Kocaelispor” bu mövsüm TFF Birinci Liqada 27 oyuna topladığı 45 xalla 5-ci pillədə qərarlaşıb. Kocaeli təmsilçisi 13 qələbə qazanıb, 6 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. Klubun cari mövsümdəki hədəfi Super Liqaya vəsiqə qazanmaq olsa da, son 6 turdakı uğursuz nəticələr komandanı üst pillələrdən aralı salıb. “Kocaelispor” bu oyunlarda 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Bahar Rüstəmzadə