Ötən gün Türkiyənin “Beşiktaş” klubundan ayrılan Kot-d’İvuar millisinin müdafiəçisi Erik Bayi “Vilyarreal”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
Afrikalı futbolçu karyerasında ikinci dəfə “Vilyarreal”la müqavilə bağlayıb. O, 2015-ci ilin yanvarından 2016-cı ilin iyul ayına qədər də La Liqa təmsilçisində çıxış edib. Həmin vaxt mərkəz müdafiəçisi bu komandada 47 oyun keçirmiş, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Erik Bayi bu mövsümün əvvəlindən “Beşiktaş”da çıxış edirdi. O, İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq Türkiyə klubu ilə 1 illik müqavilə bağlamışdı. Lakin müdafiəçi bu komandada cəmi 8 oyuna çıxıb. Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bayi daha öncə “Vilyarreal” və “Mançester Yunayted”dən əlavə “Espanyol” və “Olimpik” (Marsel) klublarının da uğurları üçün çalışıb. O, ölkəsinin yığma komandasında da 49 oyuna 2 qol vurub.


