Erik Bayi MY-dən ayrıldı – “Beşiktaş”a görə

Kot-d’İvuar millinin və İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Erik Bayi bundan sonra “Beşiktaş”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçunun transfer detalları və onunla bağlanmış müqavilənin müddəti açıqlanmır.

Erik Bayi 2016-cı ilin iyul ayında İspaniyanın “Vilyarreal” klubundan 38 milyon avro qarşılığında “Mançester Yunayted”ə transfer olunmuşdu. Futbolçu bu komandanın heyətində meydana çıxdığı 113 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bayi daha öncə “Vilyarreal”la yanaşı, yetirməsi olduğu “Espanyol”un və Fransanın “Olimpik” (Marsel) klubunun da uğurları üçün çalışıb. O, ölkəsinin yığma komandasında da 49 oyuna 2 qol vurub.

“Beşiktaş” ötən mövsüm “Alanyaspor”dan icarəyə götürdüyü Tayfur Bingölün də transfer hüquqlarını alıb. İstanbul klubu bunun üçün Alanya təmsilçisinə 1 milyon avro ödəyib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Beşiktaş”da 29 oyuna 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Alanyaspor”un əlcəzairli sağ cinah vingeri Zinədin Fərhat da Fransanın “Anje” klubuna keçib. 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Alanya klubunun sol cinah vingeri Emircan Altıntaş “İğdır”a, dayaq yarımmüdafiəçisi Ahmed Ildiz isə “Göztəpə”yə üz tutub. Onların hər ikisi yeni klubları ilə 2 illik müqavilə bağlayıb.

“Alanyaspor” gedənlərin əvəzində “Kasımpaşa”dan Floran Haderconayı transfer edib. Kosovo yığmasında da forma geyinən 29 yaşlı sağ cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Sol cinah vingeri Ahmet Engini də “Volos”a göndərən “Kasımpaşa” da heyətinə iki yeni oyunçu cəlb edib. Super Liqa təmsilçisi “Atromitos”dan qapıçı Andreas Yanniotisi, “Abha”dan isə dayaq yarımmüdafiəçisi Driss Saddikini transfer edib. Hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: