Erik ten Haq “Bayer”dən qovuldu

Almaniya Bundesliqasında 2025/2026 mövsümünə uğursuz start vermiş “Bayer” niderlandlı baş məşqçisi Erik ten Haq ilə vidalaşıb.

Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verildiyi diqqətə çatdırılıb. Komandanı müvəqqəti olaraq onun köməkçiləri çalışdıracaq.

Ten Haqın qovulması ölkə çempionatı tarixinə rekord kimi düşüb. Bu, Almaniya Bundesliqası tarixində mövsümün başlanğıcından sonrakı ən tez reallaşan baş məşqçi ayrılığı olub. Belə ki, rəhbərlik cəmi iki turdan sonra Ten Haqı vəzifəsindən göndərib. “Bayer” niderlandlı mütəxəssisin rəhbərliyi altında cəmi 2 matç keçirib. “Hoffenhaym”a məğlub olan (1:2) Leverkuzen təmsilçisi “Verder”lə heç-heçə edib – 3:3.

Xatırladaq ki, Erik ten Haq bu yay “əczaçılar”la müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalamışdı. Niderlandı mütəxəssis “Bayer”in baş məşqçisi vəzifəsində, “Real”ın sükanı arxasına yollanmış 43 yaşlı ispan mütəxəssis Xabi Alonsonu əvəzləmişdi.

Ten Haq daha öncə “Mançester Yunayted”, “Ayaks”, “Utrext”, “Bayern II” və “Qou Ehed İqlz” kimi komandalarda baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: