“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasının əsas mərhələsinin “Tvente” ilə 1-ci tur ev oyununu (1:1) şərh edib.
Arena.az “Yahoo Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Onları biz yaşatdıq, oyuna nəzarət etməklə hesabda 1:0 öndə idik, sabit olmalı və bu ruhda da davam etməli idik. İkinci hissədə səviyyəni aşağı saldıq və qol buraxdıq. Biz işi axıra çatdırmadıq və səhvimizə görə cəzalandıq. Buraxılmış qola görə məsuliyyət bütün komandanın üzərinə düşür. “Tvente”nin oyunçusu meydanda dayanmadan qaçırdı. Biz belə qolları buraxa bilmərik.
Bir daha gördük ki, bütün oyun boyu irəli getməyə davam etməliyik. Hesab 1:0 olan kimi, irəli getmək və ikinci qolu vurmaq gərəkdir.
Biz çox iddialıyıq, iddian olanda isə sən çıxış etməli, özünü sübut etməlisən, xüsusən də bu gün, ikinci hissədə. Biz özümüzə həddindən artıq əmin idik, oyunu isə axıra çatdıra bilmədik, baxmayaraq ki, komanda olaraq bunu etməli idik.
Düşünürəm ki, bu komanda çox yaxşı zehniyyətə malikdir, işimizin nə qədər yüksək səviyyədə olduğunu bir çox oyunlarda görmüşəm”, deyə Ten Haq tənqidi fikrini ümidlə yekunlaşdırıb.
Əlavə edək ki, Erik ten Haq “Mançester Yunayted”lə son 9 avrokubok oyununda yalnız 1 qələbə qazana bilib. “Qırmızı şeytanlar” Erik ten Haqın rəhbərliyi altında son qələbəni ötən mövsüm Çempiponlar Liqasının qrup mərhələsində “Kopenhagen” üzərində qazanıblar – 1:0. Qalan oyunlarda “Mançester Yunayted” 5 məğlubiyyət alıb, daha 3 oyunda isə heç-heçə ilə barışıb.
Avropa Liqasının növbəti oyununda, 2-ci tur çərçivəsində “qırmızı şeytanlar” Portuqaliya nəhənglərindən biri “Portu” ilə qarşılaşacaqlar. Oyun oktyabrın 3-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


