Erik ten Haq Markus Raşfordun “ayağının açılacağına” inanır

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın cinah hücumçusu Markus Raşford haqda söhbət açıb.

Arena.az xatırladır ki, ingilis futbolçu Premyer Liqanın 4-cü turunun “Sauthempton”la oyununda (3:0) qol vurub.

Bu, Markus Raşfordun Premyer Liqa çərçivəsində son 189 gün ərzində ilk qolu olub. Erik ten Haq yetirməsinin çıxışı ilə bağlı bunları söyləyib:

“Bu, çox vacibdir. Hər bir hücumçu ən sərrast futbolçular sırasında olmaq istəyir. İlk qol vurulduqdan sonra qalanlar da vurulacaq. Bir dəfə bir hücumçu bir şüşə ketçup haqqında demişdi: ilk damcı tökülən kimi bütün şüşə boşalacaq”, deyə niderlandlı mütəxəssis “Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonun təbirincə Markus Raşfordun oyununu qiymətləndirib.

Bir ələvə olaraq xatırladaq ki, Ten Haqla Ronaldo arasında münasibətlər soyuqdur. Belə ki, məhz niderlandlı mütəxəssislə fikir ayrılığı nəticəsində portuqal udluz 2023-cü iliin yanvarında Avropadan ayrılaraq, Səudiyyə Ərəbistanına üz tutmuşdu.

Xatırladaq ki, Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə 5 oyuna çıxıb. O, bu oyunlarda 1 qolla fərqlənib. Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 407 oyun, 132 qol və 69 məhsuldar ötürmə.

Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: