Erlinq Haland 2023-cü ildə dünyanın ən yaxşı oyunçusudur!

İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Haland 2023-cü ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə “Dünyanın ən yaxşı oyunçusu” mükafatının qalibini açıqlayıb.

Təşkilatın təsis etdiyi müvafiq mükafatın cari ildə qalibi “qolçu vikinq” Haland olub. O, 208 xalla bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Vurğulayaq ki, bu, həm Haland və həm də Norveç üçün ilk IFFHS mükafatıdır.

PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe 105 xalla 2-ci, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 85 xalla 3-cü olub. Vurğulayaq ki, Messi müxtəlif təqdimatlar üzrə 14 dəfə IFFHS-nin müxtəlif mükafatlarına layiq görülüb ki, bu da mütləq rekorddur.

IFFHS “Dünyanın ən yaxşı oyuncusu” mükafatını 1988-ci ildə təsis edib. 1988-ci və 1989-cu illərdə nüfuzlu mükafata Niderland yığmasının məşhur hücumçusu Marko van Basten (“Milan”, İtaliya), 1990-cı ildə isə Almaniya yığmasının müdafiəçisi Lotar Matteus (“İnter”, İtaliya) layiq görülüb. Bundan sonra mükafatın təqdimatı FIFA-nın sərəncamına keçib.

FIFA, 1991-ci ildən 2009-cu il də daxil olmaqla, bu müddətdə məğzi etibarı ilə müvafiq mükafatı “FIFA World Player of the Year” (“FIFA İlin Dünya Oyunçusu”) adı ilə təqdim edib. Ardınca 2010-2015-ci illərdə mükafat “FIFA Ballon d’Or” (“FIFA Qızıl topu”) adı ilə təqdim edilib. 2016-cı ildən isə FIFA mükafatı “The Best FIFA Men’s Player” (Ən Yaxşı FIFA Kişi Oyunçusu) adı ilə təqdim edir.

2020-ci ildə IFFHS özünün təsis etdiyi nüfuzlu mükafatını rəsmən bərpa etmək qərarına gəlib. Polşa yığmasının mərkəz hücumçusu Robert Levandovski 2020-ci və 2021-ci illərdə IFFHS-in “Dünyanın ən yaxşı oyunçusu” mükafatı ilə təltif edilib. 2022-ci ildə isə mükafatı Lionel Messi qazanıb. Cari qalib isə norveçli qolçu Erlinq Halanddır.

Halandı uğura aparan yol

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Onun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 22 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 75 oyun, 71 qol, 14 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin Premyer Liqanın cari mövsümünü ən sərrast futbolçusudur – 14 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli mərkəz hücumçusu Erlinq Halandın transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə 2023-cü ildə kişilər arasında “Dünyanın ən yaxşı oyunçusu” mükafatı adına namizədlərin yekun reytinq cədvəlini təqdim edirik.

Xəbəri sosial şəbəkələrdə paylaş: