Erlinq Haland Premyer Liqada bunu bacaran ilk futbolçu oldu!

“Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland bu gün İngiltərə Premyer Liqasında daha bir mükafata layiq görülüb. Arena.az xəbər verir ki, bir neçə saat öncə İngiltərə çempionatında mövsümün ən yaxşı oyunçusu elan edilən forvard, həm də 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

Bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb. Halandın bu mükafata elitada mübarizə aparan 20 klubun kapitanı və xüsusi ekspertlər qrupu arasında keçirilmiş səsvermə nəticəsində layiq görüldüyü diqqətə çatdırılıb.

Mövsümün ən yaxşı gənc oyunçusu adına 8 namizəd var idi. Haland Qabriel Martinelli, Martin Edeqor və Bukayo Saka (hər üçü “Arsenal”), Aleksander İsak, Sven Botman (hər ikisi “Nyukasl”), Moyses Kaysedo və Aleksis Makallisteri (hər ikisi “Brayton”) geridə qoymağı bacarıb.

Haland daha öncə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu uğrunda səsvermdə də Kevin De Bröyne (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”), Martin Edeqor, Bukayo Saka (hər ikisi – “Arsenal), Markus Raşford (“Mançester Yunayted”) və Kiran Trippyeri (“Nyukasl”) geridə qoymaqla ən yaxşı elan edilmişdi.

Norveçli futbolçu bununla da Premyer Liqanın tarixinə düşüb. O, bu liqada eyni mövsümdə hər iki mükafata sahib çıxan ilk futbolçudur.

Xatırladaq ki, Erlinq Haland cari mövsümün əvvəlindən “Mançester Siti”nin formasını geyinir. O, bu komandanın heyətində həm oyun keyfiyyəti və həm də yüksək məhsuldarlığı ilə diqqət çəkir.

Hücumçunun 2022/2023 mövsümündəki statistikasını təqdim edirik:

İngiltərə Premyer Liqası: 35 oyun – 36 qol, 8 məhsuldar ötürmə;
Çempionlar Liqası: 10 oyun – 12 qol, 1 məhsuldar ötürmə;
İngiltərə Kuboku: 3 oyun – 3 qol;
İngiltərə Liqa Kuboku: 2 oyun – 1 qol;
İngiltərə Super Kuboku: 1 oyun.