Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turunun “Arsenal”la ev oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, norveçli forvard komandasının 4:1 hesabı ilə qalib gəldiyi görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla da o, bu mövsüm İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 33-ə çatdırıb. Bu, 38 turdan ibarət mövsümlər üzrə rekord göstəricidir. Əvvəlki rekord “Liverpul”un oyunçusu Məhəmməd Salaha məxsus idi. Misirli futbolçu 2017/18 mövsümündə 32 qola imza atmışdı.
Haland həm də 1888-ci ildən keçirilən İngiltərə çempionatlarında bütün dövrlərin bir mövsüm üçün ən məhsuldar əcnəbi oyunçusu rekordunu təkrarlayıb. 1951/52 mövsümündə “Nyukasl”ın çilili futbolçusu Xorxe Robledo da bir mövsümdə 33 qol vurmuşdu.
İngiltərə Premyer Liqasının mütləq rekordu 34 qolla Endi Koul və Alan Şirerə məxsusdur. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurub. Lakin bunlar 42 turdan ibarət mövsümlərdə gerçəkləşib.
Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 43 oyunda 49 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.
İngiltərə çempionatları tarixində bir mövsüm üzrə ən çox qol vurmuş futbolçular:
- Erlinq Haland (Norveç / “Mançester Siti”): 2022/23 mövsümü – 33 qol
- Xorxe Robledo (Çili / “Nyukasl”): 1951/52 – 33 qol
- Məhəmməd Salah (Misir / “Liverpul”): 2017/18 – 32 qol
- Kristiano Ronaldo (Portuqaliya / “Mançester Yunayted”): 2007/08 – 31 qol
- Luis Suares (Uruqvay / “Liverpul”): 2013/14 – 31 qol
- Tyerri Anri (Fransa / “Arsenal”): 2003/04 – 30 qol
- Robin van Persi (Niderland / “Arsenal”): 2011/12 – 30 qol


