Erlinq Haland Premyer Liqada rekordları alt-üst edir

Futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun Mançester derbisi “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, norveçli forvard “Mançester Yunayted”ə 6:3 hesabıyla qalib gəldikləri matçda het-trikə imza atıb. Bu qollar sayəsində o, bir neçə ilkə imza atıb.

Belə ki, Haland Premyer Liqa tarixində ardıcıl üç ev oyununda het-trik edən ilk futbolçuya çevrilib. 22 yaşlı forvard daha öncə “Kristal Pelas” (4:2) və “Nottingem Forest”lə (6:0) ev oyunlarında da 3 qol vurmağa nail olmuşdu.

Haland həm də Premyer Liqa tarixində 3 het-trikə ən tez nail olan futbolçu kimi fərqlənib. Norveç millisinin hücumçusu buna cəmi 8 oyunda nail olub. Bundan əvvəlki rekord isə Maykl Ouenə məxsus idi. Hansı ki, ingilis hücumçu 3-cü het-trikinə 48 matçda nail olmuşdu.

“Mançester Yunayted”lə matçdan öncə çempionat çərçivəsində çıxdığı 7 oyunda 11 qol vuran Haland, Mikk Kuinnin rekordunu qıraraq Premyer Liqada ən yaxşı başlanğıc edən futbolçuya çevrilmişdi. Hazırda isə onun hesabında 8 oyuna 14 qol var. Premyer Liqanın cari mövsümünün bombardirinin ən yaxın izləyicisi bu mövsüm 7 qol vurmağa nail olan “Tottenhem”li Harri Keyndir.


“Qorxunc hücumçu” ÇL-də də rekordları sıralayır

Premyer Liqada ardıcıl 4 səfər matçında qol vurmağı bacaran tək futbolçu adına sahib çıxmış Haland, UEFA Çempionlar Liqasında da yeni rekordlara imza atmışdı. O, “şəhərlilər”in heyətində qitənin ən nüfuzlu klub turnirində cəmi 2 oyuna çıxıb və 3 qol vurub. O, keçmiş komandasına – Dortmund “Borussiya”sına (Almaniya) 1, İspaniya “Sevilya”sına isə 2 qol vurub. Erlinq ÇL tarixində üç ayrı komandanın heyətində birdən çox qol vurmağı bacaran tək futbolçudur. ÇL-dəki ilk 20 matçında 25 qol vurmaqla Rud van Nistelroy və Roberto Soldadonun 16 qolluq rekordlarını böyük fərqlə geridə qoyan Haland, bu turnirdə 25 qola ən gənc yaşda çatmaqla da Kilian Mbappenin rekordunu unutdurub.

Karyerasında 100 qol səddinə cəmi 146 oyunda çatan Erlinq Haland, bu göstəricidə də rekordçudur. Müqayisə üçün qeyd edək ki, Neymar buna 173, Mbappe 180, Lionel Messi isə 210 matçda çatmışdı.

9 qolun qeydə alındığı Mançester derbisi “şəhərlilər”in digər futbolçusu Fil Foden üçün də əlamətdar olub. O da karyerası ərzində ilk dəfə het-trikə imza atıb.