Azərbaycan güləşçisi Esra Məmmədli Macarıstanın Kapoşvar şəhərində təşkil olunmuş U-15 Avropa çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 46 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ötən gün xorvatiyalı Ayla Kadriyiyə və rumıniyalı Orsolya Soverə “tuş”la qalib gəlmişdi.
Məmmədli daha sonra rusiyalı Polina Boçkarevanı 3:2 hesabıyla üstələyərək yarımfinala yüksəlmişdi. Esra yarımfinalda da belaruslu Ella Sudkoya tam üstünlüklə (10:0) qalib gəlmişdi.
Esra Məmmədli bu gün finalda macarıstanlı Mariya Jitovozla güləşib. Rəqibinə 0:7 hesabıyla uduzan Esra gümüş medal qazanıb. O, qadın güləşi üzrə U-15 Avropa çempionatlarında ilk medal qazanan idmançımız kimi adını tarixə yazdırıb.
Nəzrin Əhmədli (42 kq) polşalı Nina Mayşraka 5:4, rumıniyalı Elektra Qarayakuya isə 8:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. Nəzrin finalın bir addımlığında rusiyalı Yelizaveta Krılovaya “tuş”la uduzmuşdu. Əhmədli bu gün bürünc medal uğrunda yunanıstanlı Mariya Qkikayla mübarizədən məğlub ayrılıb – 0:8.
Fidan Babayeva (58 kq) təsnifat mərhələsində macarıstanlı Sofi Ritterə müqavimət göstərə bilməmişdi – 0:10. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz mübarizəni davam etdirmək şansı qazanmışdı. Ancaq Babayeva bu gün təsəlliverici görüşdə rusiyalı Liliya Yermoxinaya “tuş”la uduzub.
Ötən gün həm də Əfsanə İslamova (39 kq) təsnifat mərhələsində Lara Blazekoviçə “tuş”la məğlub olmuşdu. Milana Bağırzadə (62 kq) də 1/4 finalda macarıstanlı Reka Bereçkiyə 0:3 hesabıyla uduzmuşdu.


