“Everton” 29 yaşlı ingiltərəli sol cinah hücumçusu Cek Qrilişi “Mançester Siti”dən icarə müqaviləsi əsasında düşərgəsinə qatıb.
Arena.az bu barədə İngiltərə klublarınınn mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Tərəflər arasında müqavilə müddətinin başa çatması ilə “Everton” Qrilişi tamhüquqlu əsasda satın almaq hüququna malik olacaq, ancaq bu məsələdə futbolçunun istəyi həlledici olacaq.
Cek Qriliş “Aston Villa”nın məzunudur. Futbolçu həmçinin “Notts Kaunti” (icarə) və “Mançester Siti”də çıxış edib. “Mançester Siti” Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan 117,5 milyon avro məbləğ müqabilində “şəhərlilər”in heyətinə qatıb.
Ümumilikdə Qriliş “Mançester Siti” üçün 157 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.
Cek Qriliş 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 39 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 29 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.






