Evren Alkaya yığmamıza 4-5 il vaxt lazım olduğunu açıqladı

Azərbaycanın basketbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Evren Alkaya yığmamızın hazırlığını dəyərləndirib.

Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis millimizin Avropa çempionatının seçmə mərhələsində Polşa və Litvaya qarşı oynayacağı matçlar öncəsi fikrini açıqlayıb.

Alkaya bildirib ki, rəqibləri yaxşı analiz edib: “Oktyabrın 15-dən məşqlərə start vermişik. Azərbaycanda olan 12 nəfərlə hazırlıq həftədə 5 gün olmaqla davam edir.

Hazırlıqla yanaşı, rəqiblərimizi də analiz edirik. Polşa komandasının bütün matçlarına baxmışıq. Litvanın da bundan əvvəl bizimlə və Polşa ilə olan oyunlarını yenidən izlədik. Bu, oyunlar öncəsi müdafiə sistemləri üzərində çox çalışdıq. Bilirik ki, çox çətin olacaq. Çünki komandamızın 7-8 oyunçusu U-16 və U-18 millilərinin oyunçularından ibarətdir. Yalnız 2 və ya 3 basketbolçumuz bu səviyyədə oyunçulardır. Təbii ki, belə heyətlə Avropada hər zaman iddialı olan komandalara qarşı oynamaq çətindir. Əlimizdən gələn qədər mübarizə aparacağıq. Ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çalışacağıq”.

Evren Alkaya hədəflərdən də söz açıb. Türkiyəli mütəxəssis ciddi uğurlara imza atmaq üçün hələ uzun illər lazım olduğunu bəyan edib: “Bizim bu komanda ilə hədəflərimiz 4 və ya 5 ildən sonra ortaya çıxacaq. İndi əsas istəyimiz gənc oyunçularımızın təcrübə toplamasıdır. Ümid edirəm ki, ən yaxşı nəticələrlə geri dönəcəyik”.

Xatırladaq ki, Azərbaycanın basketbol üzrə qadınlardan ibarət yığma komandası noyabrın 7-də Polşa, 3 gün sonra isə Litva ilə qarşılaşacaq. Bu qrupun matçlar Polşada təşkil ediləcək.