Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubunun argentinalı dayaq yarımmüdafiəçisi Ezekyel Fernandes bundan sonra “Bayer”də çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı argentinalı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb. “Bayer” bu transfer üçün 25 milyon avrosundan keçib.
Bu, Fernandesin Avropaya ilk gəlişidir. Belə ki, o, daha öncə Argentina, Meksikada oynayıb. Yarımmüdafiəçi ötən ilin avqustundan Səudiyyə Ərəbistanı klubunda çıxış edirdi. “Boka Xuniors”da 67 (2 qol, 3 assist), “Tiqre”də 32 (1 assist) oyun keçirmiş futbolçu, “Əl-Qadisiya”da 37 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Argentinanın U-17 və U-23 yığmalarında da oynamış Ezekyel Fernandes 2024-cü ildə debüt etdiyi əsas millinin heyətində 4 oyuna çıxıb, 1 qol vurub.
Sonda onu da qeyd edək ki, Leverkuzen “Bayer”i yay transfer pəncərəsində Bundesliqanın yeni rekordunu müəyyənləşdirib. Almaniya təmsilçisi futbolçuların keçidi üçün 198 milyon avro xərcləyib. Bu, liqa tarixində bir transfer dönəmi ərzində qeydə alınmış ən yüksək göstəricidir.
İkinci pillədə 2023/2024-cü illər mövsümündə 187 milyon avro xərcləmiş “Leypsiq”, üçüncü yerdə isə 179,5 milyon avro ilə “Bayern” qərarlaşıb.
“Bayer” mövsümə uğursuz startdan sonra baş məşqçi Erik ten Haqla yollarını ayırıb. Komanda ilk iki turda “Hoffenhaym”a 1:2 hesabı ilə uduzub, “Verder”lə isə 3:3 edib.


