Türkiyənin “Fənərbağça” klubunun mətbuat xidməti komandanın baş məşqçisi Joze Mourinyonun irqçilikdə ittiham edilməsini cavablayıb.
Arena.az xatırladır ki, Türkiyə Super Liqasının 25-ci turunda “Qalatasaray”la İstanbul derbisindən (0:0) sonra, rəqib düşərgə “Mour”u irqçilikdə ittiham edib.
“Qalatasaray”ın mətbuat xidməti bildirib ki, oyundan sonra “Mour”, oyun məqamlarından birində “Qalatasaray”ın bütün təmsilçiləri “skamya üzərində meymunlar kimi atılıb-düşürdülər” ifadəsini işlədib. Türkiyə nəhəngi portuqal mütəxəssisi məhkəmə ilə hədələyib.
Öz növbəsində “Fənərbağça”, məşqçisinin müdafiəsinə qalxıb:
“Oyunun sonunda bizim məşqçimiz Joze Mourinyo tərəfindən edilmiş bəyanat, bütünlüklə məzmundan çıxarılıb və bilərəkdən təhrif edilib.
İxtiyari sağlam düşünən adamın gördüyü və anladığı kimi, oyun zamanı Joze Mourinyo tərəfindən işlədilmiş bu ifadələr, rəqib komandanın texniki komitəsinin hakimin qərarlarına həddindən artıq qarşılığını təsvir etmək üçün istifadə edilib və irqçiliklə heç bir əlaqəsi ola bilməz. Bu yöndəmsiz söhbəti irqi zəmində təqdim etmək cəhdi – tamamilə bədniyyətli yanaşmadır.
Biz, rəqibi meydanın hüdudlarından kənara çıxarmaq və gündəmi dəyişmək və idarə etmək məqsədilə ortaya atılmış bu qeyri-müəyyən böhtana münasibətdə, öz qanuni hüquqlarımızdan istiadə edəcəyimiz haqda ictimaiyyəti məlumatlandırırıq”, – “Fənər”in mətbuat xidməti klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən car çəkib.
24 turdan sonra “Qalatasaray” Türkiyə Super Liqasının yarış cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 58 xalla 2-ci pillədə qərarlaşıb.


