Futbol üzrə Türkiyə millisinin və İtaliyanın “Sassuolo” klubunun sağ cinah müdafiəçisi Mert Müldür “Fənərbaxça”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbaxça” bu transfer üçün “Sassuolo”ya 2,8 milyon avro ödəyib.
Mert Müldür Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsidir. Müdafiəçi 2019-cu ilin avqustunda 4.98 milyon avro qarşılığında “Sassuolo”ya keçmişdi. Türk futbolçu İtaliya klubunda 90 oyuna çıxıb, 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Türkiyə millisində də 18 oyuna 1 qol vurub.
“Fənərbaxça” sloveniyalı yarımmüdafiəçisi Miha Zayçla da yeni müqavilə bağlayıb. 29 yaşlı futbolçunun sözləşməsinin müddəti 2-26-cı ilin 30 iyununa kimi uzadılıb. Onun əvvəlki müqaviləsinin müddəti bu yay bitmişdi.
Miha Zayç 2019-cu ilin yanvarında İtaliyanın “Empoli” klubundan 3,5 milyon avro qarşılığında keçmişdi. O, İstanbul nəhəngində 102 oyuna çıxıb, 18 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Zayç ötən mövsümü icarə əsasında “Cenoa”da keçirib – 33 oyun, 1 qol, 3 assist. Sloveniya yığmasının üzvü “Olimpiya” (Lyublyana), “Çelye”, “İnterblok” kimi klubların da formasını geyinib. O, ölkəsinin millisində də 39 oyuna çıxıb, 8 qol vurub.

Dieqo Rossi ilə Joao Pedro İstanbul klubundan ayrıldılar
“Fənərbaxça” sol cinah vingeri Dieqo Rossi və hücumçusu Joao Pedro ilə də yollarını ayırıb. Rossi 5,15 milyon avro qarşılığında MLS təmsilçisi “Kolumbus”a satılıb. Uruqvaylı futbolçu 2021-ci ilin sentyabrından formasını geyindiyi Türkiyə klubuna MLS-in digər təmsilçisi “Los Anceles”dən 5.5 milyon avro qarşılığında keçmişdi. 25 yaşlı futbolçu İstanbul təmsilçisində 90 oyuna 10 qol vurub, 20 məhsuldar ötürmə edib. O, “Los Anceles”dən öncə “Penyarol”un da uğurları üçün çalışıb. Rossi Uruqvay yığmasında da 7 oyun keçirib, 1 qol vurub.
Joao Pedro isə “Qremio”ya keçib. Braziliya klubu onu satınalma şərti ilə 2024-cü ilin 30 iyununa kimi icarəyə götürüb.
“Fənərbaxça” Joao Pedronu ötən ilin iyulunda İtaliyanın “Kalyari” klubundan 4,68 milyon avro qarşılığında transfer etmişdi. Braziliyalı forvard bu komandada 28 oyuna çıxıb, 5 qol və 1 assist müəllifi olub. 31 yaşlı futbolçu “Eştoril”, “Penyarol”, “Atletiko Mineyro”, “Santos”, “Vitoriya” (Gimaraynş), “Palermo” kimi klubların da formasını geyinib.


