Fabio Kannavaro harada işləmək istədiyini açıqladı

Ötənlərin məşhur müdafiəçisi, hazırda futbol məşqçisi olan italyan mütəxəssis Fabio Kannavaro harada işləmək istədiyini açıqlayıb.

Arena.az jurnalsit Alfredo Pedullanın saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Son həftələrdə xarici klublardan gəlmiş bir neçə təklifi rədd etmişəm. Çünki “Udineze”dəki müsbət təcrübəmdən sonra İtaliyada qalıb, A Seriyasının başqa bir klubunda işləmək istəyirəm”, deyə Kannavaro vurğulayıb.

Xatırladaq ki, Kannavaro “Napoli”nin yetirməsidir. Futbolçu ikən Kannavaro “Parma”, “İnter”, “Yuventus” və “Real”da çıxış edib. Məşhur müdafiəçi 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl-Əhli” klubunda futbolçu karyerasına xitam verib.

Fabio Kannavaro “Parma” ilə İtalya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun və UEFA Kubokunun qalibi olub. İtalyan müdafiəçi “Yuventus”la İtaliya A Seriyasının 2 dəfə (2004/2005, 2005/2006) qalibi olsa da, 2006-cı ildə İtaliya futbolunda baş vermiş korrupsiya qalmaqalı – “Kalçopoli” ilə əlaqədər, “qoca sinyora” qazandığı hər iki çempionluğundan məhrum edilib. Kannavaro həmçinin “Real”la İspaniya La Liqasının (2 dəfə) və İspaniya Super Kubokunun qalibi olub. Müdafiəçi İtaliya yığması ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatını (DÇ-2006) qazanıb. O, elə həmin il, futbolda ən nüfuzlu fərdi mükafat – “Qızıl top” mükafatına layiq görülüb.

Məşqçilik fəaliyyətinə 2013/2014-cü illərdə “Şabab Əl-Əhli”də məşqçi köməkçisi kimi başlamış Kannavaro, 2014/2015-ci illər mövsümündə Çinin “Quançjou” komandasında sərbəst məşqçilik fəaliyyəti ilə məşğul olub. Kannavaro həmçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin “Tyantszin Tyanxay” komandalarını çalışdırıb. 2019-cu ildə Kannavaro Çin yığmasının sükanı arxasına keçib, həmin il də “əjdaha komandası”nın sükanını təhvil verib. Vətəni İtaliyaya qayıtmış Kannavaro “Benevento” və “Udineze”nin baş məşqçisi olub.

Kannavaro “Tyantszin Tyanxay” ilə Çin Birinci Liqasının (2016) qalibi olub. O, həmçinin “Quançjou” ilə Çin Super Liqasını (2019) və Çin Super Kubokunu (2018) qazanıb.

Məşqçi kimi fərdi uğurlara gəlincə, Kannavaro Çin Futbol Assosiasiyası (CFA) tərəfindən 2017-ci ildə “İlin məşqçisi” mükafatına layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: