Fakundo Pelyistri və Kamil Yozviak “Qranada”da – Rəsmi

Uruqvay millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun sağ cinah vingeri Fakundo Pelyistri “Qranada”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi 22 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Pelyistri mövsümün sonunda 2025-ci ilin 30 iyununa kimi müqaviləsinin olduğu “Mançester Yunayted”in düşərgəsinə qayıdacaq.

Fakundo Pelyistri Uruqvayın “Penyarol” klubunun yetirməsidir. 22 yaşlı futbolçu 2020-ci ilin oktyabrında 8,5 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib. O, bu komandanın heyətində cəmi 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Pelyistri daha öncə iki dəfə “Alaves”ə də icarəyə verilib.

Fakundo 2022-ci ilin yanvarında debüt etdiyi Uruqvay millisində də 18 oyun keçirib.

“Transfermarkt” internet-portalı uruqvaylı futbolçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Qranada” Polşa yığmasının və MLS-də mübarizə aparan “Şarlott” klubunun sol cinah vingeri Kamil Yozviakı da tanhüquqlu əsasla heyətinə qatıb. 25 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Kamil Yozviak Polşanın “Lex” (Poznan) klubunun yetirməsidir. O, “GKS Katoviçe”, “Derbi Kaunti” kimi klublarda da forma geyinib. “Şarlot”a 2022-ci ilin martında 2,36 milyon avro qarşılığında İngiltərə klubundan keçmiş Yozviak, ABŞ klubunun heyətində 55 oyuna çıxıb, 4 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Yozviak 2019-cu ildə debüt matçına çıxdığı Polşa yığmasında indiyə qədər 22 oyuna çıxıb, 3 qol vurub.

“Transfermarkt” internet-portalı polşalı futbolçunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Şon Veysmanla Famara Dyedyu icarəyə göndərildi

“Qranada” iki futbolçusunu da icarəyə verib. İsrailli mərkəz hücumçusu Şon Veysman İtaliyanın “Salernitana”, Famara Dyedyu isə Uelsin “Kardiff Siti” klubuna icarəyə göndərilib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaq. Bu iki oyunçunun İspaniya klubu ilə müqaviləsi 2025-ci ilin 30 iyununa qədərdir.

Şon Veysman 2023-cü ilin yayından “Qranada”da çıxış edir. 27 yaşlı forvard La Liqa klubunun heyətində 19 oyuna çıxıb, 2 qol vurub. “Valyadolid”, “Volfsberger”, “Makkabi” (Hayfa), “Kiryat Şmona”, “Hapoel” (Akre) kimi klublarda da oynamış Veysman, İsrail yığmasında 33 oyuna 6 qol vurub.

Famara Dyedyu isə 2023-cü ilin yanvarından “Qranada”da çıxış edir. Seneqallı hücumçu da bu komandada 19 oyun keçirib və 1 qol, 1 assistlə yadda qalıb. “Bristol Siti”, “Klermon”, “Anje”, “Epinal”, “Ayaçço”, “Alanyaspor” və “Soşo”da da oynamış Dyedyu, Seneqal yığmasında 27 oyuna çıxıb, 11 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: