Gəncədə keçirilən şose velosipedi üzrə Federasiya kubokunun birinci mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda bu gün idmançılar qrup ötüşməsində güclərini sınayıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən və 30 velosipedçinin qatıldığı mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. Yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar Gəncə şəhərində təyin olunmuş marşrut üzrə 5 dairəni tamamladıqdan sonra dağ yolları ilə ümumilikdə 72 km qət ediblər. Yeniyetmə oğlanlar və qadınlar isə startdan sonra birbaşa dağ yolları ilə 42 km məsafə qət edərək Hacıkənd qəsəbəsində finiş xəttini keçiblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Mikayıl Səfərli (ROEQİUGVM, 02:00:15) bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Əli Qurbanov (Sakarya BB Pro Team, 02:00:44) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 02:01:01) isə üçüncü yerlə kifayətləniblər.
Yeniyetmə oğlanların mübarizəsində ən yaxşı nəticəyə Artyom Proskuryakov (Təhsil RİM, 01:23:56) imza ataraq qızıl medal qazanıb. Ravi Rzayev (ROEQİUGVM, 01:26:04) gümüş, Rəşad Əliyev (Təhsil RİM, 01:31:52) bürünc medala sahib olublar.
Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 01:38:32) birinci yerə layiq görülüb. Onun ən yaxın izləyicisi Ayan Məmmədzadə (Təhsil RİM, 01:39:17) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 01:39:45) isə üçüncü yerdə qərarlaşıblar.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Xatırladaq ki, Federasiya kubokunun birinci mərhələsinin ilk günündə velosipedçilər kriterium yarışında mübarizə aparmışdılar.


