Federasiya prezidenti qadın futbolçunu dodağından öpdü – Video

İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales millinin üzvü Cennifer Ermosonu dodağından öpməsi ilə gündəmə çevrilib.

Arena.az xəbər verir ki, onun bu gün qeyri-iradi olaraq özünü saldığı vəziyyət mərəkə xarakteri almaqda davam edir.

Belə ki, Rubialesin qadınlardan ibarət İspaniya yığmasının futbolçularını öpməsi birmənalı qarşılanmayıb. Onun dünya çempionatının finalında İngiltərə yığması üzərində qələbə qazanmış (1:0) İspaniya yığmasının mükafatlandırılması zamanı, komandanın futbolçusu Cennifer Ermosonu dodağından öpməsi getdikcə daha da qızğın müzakirələrə səbəb olur.

Rubiales FIFA prezidenti Canni İnfantino ilə birlikdə yeni çempionları təbrik edərkən, qəbul edilmiş ümumi davranış qaydaları çərçivəsindən – əlsıxma və qucaqlaşma hüdudlarından çıxaraq, Cennifer Ermosonun başından ikiəlli tutub dodağından ehtirasla busə alıb. Prezidentin qeyri-iradi davranışına Cenni Ermosonun heç bir müqavimət iqtidarı olmayıb. Bu məqam dünya futbol ictimaiyyətində böyük səs-küy yığmaqda hələ də davam edir.

Elə bu əsnada Rubialesin ətrafında növbəti qalmaqal baş qaldırıb. Prezidentin daha bir xanım futbolçunu öpdüyü məlum olub. Rubiales çempionatın finalında qələbə qolunu vurmuş Olqa Karmonanı da öpüb.

Məlum hadisələr qızğın tənqidi mübahisələr doğurmaqla yanaşı, prezidentdən cavabdehlik tələb edən çağırışlarla müşayiət edilir.

Rubiales hələlik tənqidlərə münasibət bildirməyib.

Xatırladaq ki, keçmiş futbolçu olan Luis Rubiales 2018-ci ildən İspaniya Kral Futbol Federasiyasına prezidentlik edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: