Braziliyalı pilot, Formula 1 üzrə 2008 mövsümünün vitse çempionu Felipe Massa Beynəlxalq Avtomobil Federasiyasını (FIA) məhkəmə ilə hədələyir. Arena.az “Motorsport”a istinadən xəbər verir ki, o, Beynəlxalq Avtomobil Federasiyasına (FIA) və Formula 1 rəhbərliyinə növbəti müraciət ünvanlayıb.
Xatırladaq ki, Massanın ilk məktubuna cavab olaraq, hər iki təşkilat işçilərinin çoxunun məzuniyyətdə olması səbəbindən üç aylıq gecikmə üçün gözləmə müddəti xahiş etmişdi.
Massanın bu qurumlara ünvanladığı yeni məktubda bunlar vurğulanıb: “Cavab üzərində iş ilkin iddia məktubu (birinci məktub – redaktorun qeydi) aldıqdan dərhal sonra başlamalı idi. Yay tətili buna mane olmamalıdır. Məhdudiyyətsiz cavab müddəti İlkin Fəaliyyət Protokoluna uyğun gəlmir. Zəhmət olmasa cavabınızı 8 sentyabr, saat 16:00-a qədər təqdim edin. Əks halda biz Böyük Britaniyanın Ali Məhkəməsinə iddilar qaldırması üçün müvafiq tədbir görəcəyik”.
Xatırladaq ki, Massa 2008-ci il mövsümündə britaniyalı Luis Hamiltona 1 xal uduzaraq, fərdi hesabda ikinci yeri tutub. Massanın iddiaları 2008-ci il mövsümünün Sinqapur qran-prisinin nəticələrinə yenidən baxılması ilə bağlıdır. Bu yarışın nəticələrinin saxtalaşdırılması dəlili geniş ictimaiyyətə 2009-cu ildə məlum olmuşdu. Həmin vaxt Kiçik Nelson Pike “Reno”da komanda yoldaşı Fernando Alonsonun qələbəsini təmin etmək üçün bolidini qəsdən qəzaya uğratdığını etiraf etdikdən sonra saxtakarlığın üstü açılmışdı. O zaman Sinqapur qran-prisinin nəticələri ləğv edilsəydi, Massa 2008-ci ildə pilotların turnir cədvəlinin lideri qismində dünya çempionu adını qazanacaqdı.
Vurğulayaq ki, son müsahibələrinin birində Felipe Massa müvafiq addımını dünya çempionu adını bərpa etmək üçün deyil, idmanda ədalətin bərqərar olması üçün atdığını xüsusilə qeyd edib.
Məhkəmənin Massanın iddiasını təmin edib lehinə qərar verəcəyi halda, Formula 1 üzrə yeddi qat dünya çempionu Hamilton çempion titullarından birini itirə bilər. Hazırda Hamilton əfsanəvi alman pilot Mixael Şumaxerlə eyni sayda – yeddiqat dünya çempionu adını bölüşür.


