İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes La Liqanın 37-ci turunda “Betis”ə qarşı keçirdikləri matçda zədələnib.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.
Həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb. İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.
Bu isə o deməkdir ki, Fermin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını (DÇ-2026) buraxacaq.
Xatırladaq ki, daha əvvəl İspaniya mediası müdafiəçi Dani Karvaxal və hücumçu Alvaro Moratanın da DÇ-2026-nı buraxacağı barədə məlumat vermişdi. İspaniya millisinin yekun heyəti mayın 25-də açıqlanacaq.
“Barselona” “Betis”lə ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Fermin Lopes “Barselona”nın öz yetirməsidir. Yarımmüdafiəçi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 136 oyuna çıxıb, 32 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə 48 oyuna çıxıb, 17 qol və 17 assistlə diqqət mərkəzinə düşüb.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığma komandasında forma geyinir. O, milli komandanın heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


