“Aston Martin” komandasının İspaniyadan olan pilotu Fernando Alonso Formula 1-in indiki reqlamentini tənqid edib.
Arena.az məlumat verir ki, Alonso “El Larguero” “YouTube” kanalının podkastında “Red Bull” və onların holland pilotu Maks Ferstappenin üstünlüyünə görə Formula 1 qaydalarından şikayətçi olub:
“Yeni qaydalarda nəsə “əmma” oldu ki, son 25 yürüşün 24-nü “Red Bull” qazandı. Bu, heç bir planda yox idi. Onlar hər şeydə ən yaxşısıdırlar. Onların heç bir zəif tərəfi yoxdur. Bütün komandalar isə bunları tapmaq üçün çalışırlar”, deyə Alonso incə məqamı xüsusi təbirlə ifadə edib.
Xatırladaq ki, 2023-cü il mövsümünün 14 yürüşündə qələbəni “Red Bull” pilotları Maks Ferstappen və Serxio Peres bayram ediblər. Ferstappen 12, Peres isə 2 yürüşdə qələbə qazanıb. 583 xal toplamış “Red Bull” Mühəndislər Kubokunda inamla liderlik edir və ən yaxın izləyicisi “Mersedes”i 310 xal qabaqlayır.
Fernando Alonso 2023-cü il pilotların şəxsi hesabatında yalnız hər iki “Red Bull” “buğası”ndan geri qalaraq, 3-cü sırada qərarlaşıb.


