İspaniya çempionu “Barselona”nın mərkəz hücumçusu Ferran Torres “blauqrana”nın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az Torresin müvafiq cavabını təqdim edir:
“Hazırda bu, məni maraqlandırmır. Məni yalnız, dünya çempionatındakı çıxışım qayğılandırır”, deyə Torres vurğulayıb.
O, PSJ-yə mümkün keçidi ilə bağlı suala da cavab verib: “PSJ? Bu barədə bilgim yoxdur. Şayiələrə isə diqqət vermirəm”.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsut ayında “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvar ayında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 207 oyun, 65 qol, 23 məhsuldar ötürmədən ibarətdir.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 61 oyun keçirib, 24 qol vurub, 68 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023, 2024/2025, 2025/2026), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2022/2023, 2024/2025) var.
Torres İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin Ferran yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


