İspaniya millisinin və “Barselona”nın hücumçusu Ferran Torres özünün doğum gününə münasibətindən söhbət açıb.
Arena.az xatırladır ki, Torres 2000-ci ilin fevral ayının 29 anadan olub.
Məlum olduğu kimi, müvafiq tarix yalnız dörd ildə bir dəfə olur. O, bu məqama belə münasibət bildirib:
“29 fevralda doğum gününü qeyd etmək xüsusi bir məqamdır. Uşaq vaxtı deyərdim ki, doğum günüm 28-dir. İndi mən buna şadam – hətta əyləncəlidir. Mənim rəsmi olaraq cəmi altı yaşım var!”, deyə Torres şən surətdə vurğulayıb.
Ferran Torres “Valensiya”nın yetirməsidir. 2020-ci ilin avqsutunda “yarasalar” ispan hücumçunu “Mançester Siti”yə satıblar. 2022-ci ilin yanvarında isə “Barselona” Torresi 55 milyon avro məbləğ müqabilində “şəhərlilər”in düşərgəsindən öz heyətinə qatıb. Kataloniya klubunun ispan futbolçu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Torres “blauqrana”nın heyətində 15 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Torresin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 128 oyun, 30 qol, 15 məhsuldar ötürmə.
Ferran Torres 2020-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ferran Torresin qənimətlər muzeyində “Mançester Siti” ilə İngiltərə Premyer Liqası (2020/2021, 2022/2023) və İngiltərə Kuboku (2021), “Valensiya” ilə İspaniya Kral Kuboku (2018/2019), həmçinin “Barselona” ilə İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2022/2023) var.
Torres bu il İspaniya yığması ilə Avropa çempionu (AÇ-2024) olub. Həmçinin o, yeniyetmə və gənclər səviyyəsində – İspaniyanın U-17 və U-19 yığmaları ilə də müvafiq olaraq 2017-ci və 2019-cu illərdə Avropa çempionatlarının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


