Keçmiş Formula 1 pilotu avstriyalı Gerhard Berger ikiqat dünya çempionu və “Red Bull”un holland pilotu Maks Ferstappen haqda danışıb.
Arena.az “Kronen Zeitung” nəşrinə istinadən Bergerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Ferstappen və Senna öz sahələrində müstəsnadırlar. Onlar son 50 ildə gördüyüm hamıdan ən yaxşılardırlar. Şumaxer və Hemilton da müstəsna pilotlardır. Aydındır ki, hər zaman statistikaya diqqət yetirmək lazımdır və bu, fantastikdir, amma Senna erkən öldü, Ferstappen isə hələ gəncdir”, deyə Berger bildirib.
Xatırladaq ki, cari mövsümdə 25 yaşlı Maks Ferstappen son 14 qran-prinin 12-ni qazanıb, eyni zamanda ardıcıl on qələbə ilə silsilənin rekordunu müəyyənləşdirib.
Formula 1-in braziliyalı pilotu Ayrton Senna haqqdında isə saatlarla danışmaq olar. Üçqat dünya çempionu (1988, 1990, 1991) Senna 41 qran-pri və 65 üstün mövqe (pole position) qazanıb və bu göstəricilər 2006-cı ilə qədər rekord olaraq qalıb. Braziliyalı pilot yüksək səviyyəli idarəetmə texnikası və yürüş bacarığını nəinki ideal şəraitdə, hətta zəif bolidlərdə və yağışlı havada məharətlə həyata kecirməsi ilə səciyyəvi idi. Senna 1994-cü ildə San-Marino qran-prisi zamanı idarə etdiyi “Uilyams” bolidi ilə qəza keçirərək, 34 yaşında dünyasını dəyişib.
Daha əvvəl, “Aston Martin” komandasının ispan pilotu Fernando Alonso “Red Bull” komandasının üstünlüyünü reqlamentlə bağlı problemlərin olması ilə əlaqələndirmişdi. O, yeni qaydayarın naqisliyini açıqlayaraq, “öküzlər”in bunun sayəsində rəqiblərindən bir baş üstün olduğunu iddia etmişdi.


