Avropa futbol liqaları sıx oyun təqviminə görə Beynəlxalq Futbol Assosiasiyaları Federasıyası – FIFA-nı məhkəməyə verməyi planlaşdırırlar.
Arena.az bu barədə, tanınmış jurnalist Kave Solkehola istinadən məlumat verir.
Vurğulayaq ki, Solkehol heç bir konkret çempionat və ya hər hansı digər təfərrüat təqdim etməyib.
FIFA bu məlumatı dərhal cavablayıb. Qurumun yaydığı açıqlamada bildirilib ki, bəzi liqalar kommersiya maraqları, ikiüzlülük ilə və dünya futbolunun bütün digər nümayəndələrinin maraqlarını nəzərə almadan fəaliyyət gösrərirlər.
Ali futbol qurumunun açıqlamasında bunlar qeyd edilib:
“Mövcud təqvim, FIFPRO (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası) və liqaların iştirakı ilə geniş məsləhətləşmələrdən sonra, tərkibinə bütün qitələrin, o cümlədən Avropanın nümayəndələrin daxil olduğu FIFA Şurası tərəfindən yekdilliklə təsdiq edilib.
FIFA təqvimi beynəlxalq futbolun yerli və qitə klub futbolu ilə yanaşı yaşaya bilməsini, birgə mövcudluğunu və inkişafını təmin edən yeganə vasitədir.
Özləri yarışları təşkil edən və tənzimləyən bəzi Avropa liqaları kommersiya maraqlarından, ikiüzlülükdən və dünyada heç kəsi hesaba almadan çıxış edirlər. Bu liqalar açıq-aydın yoldaşlıq görüşləri və bütün yer kürəsi üzrə yay turları ilə dolu bir təqvimə üstünlük verirlər.
Onlardan fərqli olaraq, FIFA hər yerdə və oyunun bütün səviyyələrində oyunçuların müdafiəsi də daxil olmaqla dünya futbolunun ümumi maraqlarını qorumalıdır” – ali futbol qurumunun rəsmi bəyanatında deyilir.


