FIFA Şahruddinin çıxış etdiyi kluba transfer qadağası qoydu

FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubuna transfer qadağası qoyub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna Adana klubunun sabiq baş məşqçisi Patrik Kluyvertə 142 min avronu ödəməməsi səbəb olub.

Qərara əsasən, Super Liqa təmsilçisi qarşıdakı üç “transfer pəncərəsi”ndə yeni oyunçular ala bilməyəcək. FIFA-nın bu qadağasının aradan qaldırılması üçün Türkiyə klubunun borclu olduğu məbləği Kluyvertə tam şəkildə ödəməsi lazımdır.

Xatırladaq ki, niderlandlı mütəxəssis 2023-cü ilin iyulundan dekabrın əvvəlinə qədər Türkiyə klubunda işləyib.

Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 24 matça çıxıb, 38 qol buraxıb, 5 “quru” matç keçirib.