“Neftçi”nin yeni transferi Filip Ozobiç paytaxt klubunun “Youtube” televiziyasına açıqlama verib və bu komandaya keçidini şərh edib.
Arena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi müqavilə imzaladıqdan sonra özünü çox yaxşı hiss etdiyini bildirib:
“Neftçi”nin yaxşı azarkeşlərə malik necə böyük klub olduğunu bilirəm. Belə klubun səninlə maraqlanması hər zaman xoşdur. Ümid edirəm ki, komandaya yaxşı nəticələr əldə etməyə kömək göstərəcəyəm. “Neftçi”də İvan Brkiç, Voyislav Stankoviç, Eddi İsrafilov, Emin Mahmudov və Emil Balayevi tanıyırdım. Buna görə də uyğunlaşmaq üçün çox vaxta ehtiyacım yoxdur. Burada məni müsbət qarşıladılar, çox gözəl kollektiv var. Yaxşı kollektiv – komandanın nəticələr əldə etməsi üçün ən vacib amillərdən biridir”.
Azərbaycan millisinin üzvü Rusiyadakı “Match TV” turnirində “Zenit”ə 1:3 hesabı ilə uduzduqları oyun haqqında da danışıb:
“Normal oynadıq. İlk qarşılaşma olduğu üçün hələlik tam hazır deyilik. Bir neçə futbolçu matça iki gün qalmış komandaya qoşulmuşdu. Cəmi iki məşq etmişdilər, bu səbəbdən yaxşı oynadığımızı düşünürəm. Hesab edirəm ki, ilk rəsmi oyuna hazırlaşmaq üçün burada hər cür şərait var. Məncə, ilk matça 100 faiz hazır olacağıq. Burada böyük klublarla oynayırıq. Bu, bizə xeyir verəcək. Çünki hazırda hansı səviyyədə olduğumuzu və daha nə qədər forma yığmağın lazım gələcəyini görə bilərik. Güclü rəqiblərlə mübarizə aparmaq həmişə zəiflərlə oynamaqdan daha yaxşıdır. Çünki zəiflərlə oynasan, hansı səviyyədə olduğunu bilməyəcəksən”.
Filip Ozobiç son olaraq “Neftçi” azarkeşlərinə müraciət edib: “Onlara deyə bilərəm ki, hər oyunda və məşqdə 100 faiz gücümü qoyacağam. Əlimdən gələn hər şeyi edəcəyəm”.
Xatırladaq ki, son olaraq “Qarabağ”ın formasını geyinmiş Ozobiç bir neçə gün öncə “Neftçi” ilə 2 illik müqaviləyə imza atıb.


