Filip Ozobiç rəsmən “Neftçi”də!

Mövsüm bitən kimi “Qarabağ”dan ayrılan Azərbaycan millisinin yarımmüdafiəçi Filip Ozobiç gözlənildiyi kimi, “Neftçi”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Əslən Xorvatiyadan olan 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Ozobiç paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Filip Ozobiç 2018-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışırdı. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 151 matça çıxıb, 42 qol vurub və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi “Qarabağ”dan öncə iki il “Qəbələ”nin də formasını geyinib (70 oyun, 24 qol və 10 məhsuldar ötürmə).

Milli komandamızın üzvü “Slaven” (Belupo), “Spartak” (Moskva), “Hayduk” (Split) kimi klubların da uğurları üçün çalışıb.

Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Ozobiç 2021-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, yığmamızın heyətində 10 oyun keçirib, 1 qol vurub.

Ozobiç “Neftçi”nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. “Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan Emil Balayevlə də müqavilə bağlamışdılar. Sezar Meza Kolli, Vato Arveladze və Mert Çelik ilə yollarını ayırmış paytaxt klubunda qapıçı İvan Brkiçlə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: