Filip Ozobiç “Turan Tovuz”u tərk etdi

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olan “Turan Tovuz” hücumameyilli yarımmüdafiəçisi Filip Ozobiç ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə müddəti başa çatmış müqavilə yenilənməyib. Klub Ozobiçə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Filip Ozobiç 2025-ci ilin yayından “Turan Tovuz”da çıxış edirdi. O, 2025/2026-cı illər mövsümündə bu komandanın heyətində 31 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ozobiç daha öncə Azərbaycanda “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin də formasını geyinib. O, “Slaven Belupo”, “Spartak” (Moskva) və “Hayduk”un da uğurları üçün çalışıb.

Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış, hətta bu ölkənin əsas millisində də 2 oyun keçirmiş Ozobiç 2021-ci ilin sentyabrından etibarən Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda 35 yaşı olan Filip vaxtilə milli komandamızın heyətində 15 oyun keçirib, 1 qola imza atıb.

“Turan Tovuz” daha öncə Şəhriyar Əliyevlə də yollarını ayırıb, əvəzində “Şamaxı”dan Dioqo Balaunu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: