Filip Stankoviç yenə “İnter”dən ayrı düşdü

İtaliyanın “İnter” klubunun qapıçısı Filip Stankoviç bundan sonra A Seriyasının digər təmsilçisi “Venesiya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Venesiya”nın rəsmi saytına istinadən məlumat verir.

Sözügedən klub 22 yaşlı qolkiper satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.

Filip Stankoviç “İnter”in yetirməsidir. Amma bu klubun əsas komandasında debüt şansı qazanmamış qapıçı daha öncə “Volendam”, “Sampdoriya” kimi klublarda da icarədə olub. O, Serbiyanın müxtəlif yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etsə də, əsas millidə debüt edə bilməyib.

“Venesiya” “Bolonya”nın gənc hücumçusu Antonio Raymondonu da icarəyə götürüb. 20 yaşlı italyan futbolçu qarşıdakı mövsümün sonuna kimi bu klubun formasını geyinəcək. “Bolonya”nın yetirməsi olan hücumçu ötən mövsüm “Ternana”da da icarədə olub, İtaliyanın U-18, U-19 və U-20 yığmalarında oynayıb.

“Venesiya” əslən Surinamdan olan niderlandlı hücumçusu Dişon Redanla da yollarını ayırıb. 23 yaşlı futbolçu azad agent kimi “Avellino”ya keçib və İtaliya klubu ilə 4 illik müqavilə bağlayıb. “Herta”, “Qroningen”, “Zvolle”, “Utrext” kimi klublarda da oynamış hücumçu, ötən mövsümü icarə əsasında “Triestina”da keçirib.

“Venesiya” Belçikanın “Leuven” klubunun sağ cinah müdafiəçisi Riçi Saqradonu isə tamhüquqlu əsasla heyətinə qatıb. İtaliya klubu bu transfer üçün qarşı tərəfə 2 milyon avro ödəyib. 20 yaşlı belçikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Saqrado “Leuven”un əsas komandasında 36 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb. O, Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: