Məşhur braziliyalı yarımmüdafiəçi, “Barselona”nın sabiq ulduzu Filippe Koutinyo rəsmi olaraq “Santos” klubunun futbolçusu olub.
Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu San Paul0 ştatını təmsil edən klubla 2026-cı ilin sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Koutinyo “Santos”a azad agent kimi keçib. Braziliyalı yarımmüdafiəçinin “Vasko da Qama” ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra o, sərbəst futbolçu statusunda idi. Buna görə də transfer “Santos”a heç bir ödənişə başa gəlməyib.
Koutinyo yeni komandasında uzun illər Braziliya millisində birgə çıxış etdiyi Neymarla yenidən komanda yoldaşı olacaq. Neymar da hazırda “Santos”un formasını geyinir.
Filippe Koutinyo Avropada ən çox “Liverpul” və “Barselona”dakı çıxışları ilə tanınıb. Braziliyalı futbolçu karyerası ərzində, həmçinin İtaliyanın “İnter”, Almaniyanın “Bayern” və İngiltərənin “Aston Villa” klublarında çıxış edib.
Koutinyo “Liverpul”da keçirdiyi illərdə Premyer Liqanın ən texnikalı və yaradıcı futbolçularından biri kimi diqqət çəkib. O, 2018-ci ilin yanvarında təxminən 135 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.


